SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev və birinci xanım Qaxda – Açılışlar

31-10-2018, 13:37 | Oxunub: 11 |

Prezident İlham Əliyev və birinci xanım Qaxda – AçılışlarOktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər.
Belediyyetv.az Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım stansiyanın rəmzi açılışını bildirən lenti kəsdilər.
Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.
Məlumat verilib ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.
Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verildi.
Qeyd olunub ki, burada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və mərmər tozunun hazırlanması nəzərdə tutulur. Bu layihə ilboyu barama məhsulu istehsalının 6 min tona çatdırılmasını, toxum istehsalının sürətləndirilməsini, emal müəssisələrinin davamlı fəaliyyətini və kənd əhalisinin daimi işlə təminatını nəzərdə tutur.
Dövlət başçısına və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib.
Bildirilib ki, bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. “Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.
Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunub.
Görülən bu işlərin əsas məqsədi ölkədə ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, bu sahədə sənayenin müasir texnologiyalar əsasında təşkili və digər mühüm məsələlər nəzərdə tutulur.
***
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.
Qeyd olundu ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.
Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
Dövlətimizin başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması barədə də məlumat verildi. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yüksək keyfiyyətlə aparılıb. Əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri də aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilərək görülüb.
Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verildi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən – Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.
Layihə çərçivəsində 52 ədəd suötürücü boru tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilib. Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılıb.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
***
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq aqroparkların yaradılması geniş vüsət alıb. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının yaradılması da bunun bariz nümunəsidir. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etmək və bununla da nəinki yerləşdikləri bölgələrin, ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixracyönümlü məhsulların sayının çoxaldılması ilə ixrac potensialımızın artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirir. Bu zəncir kənd təsərrüfatı məhsullarının tarladan istehlakçının süfrəsinədək bütün mərhələlərini özündə əks etdirir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən xərclərin, eləcə də onların maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Nəticədə istehlakçıya yüksək keyfiyyətli və daha ucuz qiymətə kənd təsərrüfatı məhsulu çatdırmaq mümkün olur. Bu cür layihələrin icrası daha bir mühüm məqamı özündə ehtiva edir: Aqroparkların məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına töhfəsi böyükdür.
AZƏRTAC xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Qax rayonunun “Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri melioratov tədbirlər görülüb. Buraya 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, ölkəmizdə hazırda 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manatdan çox olan 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların təşkili üçün dövlət vəsaiti hesabına infrastrukturun yaradılmasına ümumilikdə 219 milyon manat investisiya qoyulub. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 109 milyon manat güzəştli kredit verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə ümumi dəyəri 74 milyon manat olan 20 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi verilib və bu sənədlər əsasında 6 milyon manat vəsaitə qənaət olunub. Bu iqtisadi rayon üzrə müasir texnologiyaların tətbiqi ilə güzəştli kreditlərdən istifadə etməklə Şəki və Qax rayonlarında 1400 hektar ərazidə yeni fındıq bağları salınır. Həmçinin Şəki rayonunda 30 tütünqurutma kamerası, “Made in Azerbaijan” brendi ilə xarici bazara məhsulun çıxarılmasına imkan verən, Qax rayonunda balın sənaye üsulu ilə emalı və qablaşdırılması, Balakən rayonunda meyvəqurutma, sərinləşdirici içkilərin istehsalı və qablaşdırması müəssisələri qurulur.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğuladı, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışdı, hazırda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edildiyini bildirdi. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.
Məlumat verildi ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib. Buraya verilən investisiya təşviqi sənədi sayəsində 183 min manat vəsaitə qənaət olunub. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılıb. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilib. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilib. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunub, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılıb. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınıb. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Aqroparkın bütün ərazisindəki fəaliyyətə burada yaradılan müasir logistik mərkəzdən nəzarət olunur. Aqroparkın əhatə etdiyi sahədə ən müasir avadanlıq tətbiq edilir. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılıb. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR