SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

İlham Əliyev Şəkidə açılışlar etdi

31-10-2018, 13:39 | Oxunub: 5 |

İlham Əliyev Şəkidə açılışlar etdiOktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gediblər.

Belediyyetv.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

***

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verildi ki, burada Ümummilli Liderin yeni abidəsi ucaldılıb. Ulu Öndərə şəkililərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Burada Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illərinə, həmçinin hakimiyyətdə olduğu dövrlərə aid müxtəlif fotolar maraqla qarşılanır. Bu fotolarda Heydər Əliyevin sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Şəkiyə səfərləri bunun bariz nümunəsidir. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri şəkililərin də xatirəsində dərin izlər buraxıb.

Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Mərkəzdə kompüterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən YUNESKO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.

Dövlət başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.

***

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.

Qeyd olunub ki, Bayraq Muzeyinin inşasına 2018-cı ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Muzeyin eskponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə adi konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə cəlb edilən ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.

Bildirilib ki, avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və “Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR