Son dəqiqə
7-02-2021, 09:23
4 605

Ermənilər Şuşaya yalnız bundan sonra Şuşi deməyə başladılar – MÜSAHİBƏ

Ermənilər Şuşaya yalnız bundan sonra Şuşi deməyə başladılar – MÜSAHİBƏ


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyev teleqraf.com-a geniş müsahibə verib.

XeberTv.info həmin müsahibəni təqdim edir:

– Bundan sonrakı suallarımız bilavasitə öz ölkəmiz və regionumuzla bağlıdır. Müharibə başa çatıb, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərinə başlayıb. Regionda kommunikasiyaların açılması istiqamətində əməli işlər gedir. Buna baxmayaraq kiçik ərazidə olsa da separatçı rejimin tör-töküntüləri, hərbçiləri qalmaqdadır. Bundan sonrakı proseslər necə olacaq? Bu məsələlər necə tənzimlənəcək? Bütövlükdə regionun gələcəyini necə görürsünüz? İstəyirəm ki, siz regionun gələcəyi ilə bağlı oxuculara aydın baxış təqdim edəsiniz…

– Burada bir neçə ssenari ola bilər: pessimist, optimist və orta. Biz yeni təhdidlərin yaranmasına hazır olmalıyıq. Xüsusilə Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsinə və sair. Bunu gözləmək lazımdır və ehtimal olunur. Təbii ki, Azərbaycan Ordusu da, bütün dövlət qurumları da buna hazırdır və hazır olmalıdır. Amma hətta Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırsalar, onların hər hansı hərbi əməliyyata başlayacağı mənə real görünmür. Çünki burada artıq Ermənistan yox, daha çox Rusiya faktoru var və Rusiya istəməz ki, onun fəaliyyəti nəticəsində əldə olunmuş razılıq pozulsun. Ona görə də Rusiya çalışacaq ki, 10 noyabr tarixli birgə bəyanat öz qüvvəsində qalsın.

Burada daha çox imkanlardan, regional layihələrdən söhbət gedir. Bunlar bizim üçün çox vacibdir. Reallıq bundan ibarətdir ki, ermənilərlə müəyyən bir formada bu regionda yaşamaq lazımdır. Eyni zamanda ermənilər də öz ərazi iddialarından geri çəkilməlidirlər. Artıq Ermənistanda bəzi qüvvələr var ki, onlar bu ölkənin xarici siyasətinin köklü şəkildə dəyişməsini istəyirlər. Çünki onların 30 ildir işğalçılıq siyasəti, diaspor tərəfindən qoyulan sərmayələr və sair hamısı puça çıxıb, daha doğrusu Azərbaycan Ordusu onu darmadağın edib. Ona görə də artıq realist qüvvələr var. Düzdür, onlar hələlik azlıq təşkil edirlər. Onlar doğrudan da Ermənistanın siyasətinə təsir etsələr, geniş imkanlar yaranar. Burada Naxçıvan dəhlizindən, Türkiyə, Azərbaycan, Ermənistan və Rusiyanın əməkdaşlığından söhbət gedir. Hal-hazırda bizim vizionumuz, regionda ümumiyyətlə altılıq (3+3) formatında əməkdaşlıq formatı yaratmaqdan ibarətdir. Təbii ki, burada iki məsələ problemlidir. Birinci problem Ermənistan-Azərbaycan, ikincisi Gürcüstan-Rusiya münasibətləri ilə bağlıdır. Birinci məsələ ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında hələ də həllini tapmamış məsələlər var. Bura sərhədlərin demarkasiyası, Dağlıq Qarabağda hələ də müəyyən sayda erməni silahlı qüvvələrinin qalması kimi məsələlər daxildir. Düzdür, 10 noyabr tarixli birgə bəyanatın 4-cü maddəsinə uyğun olaraq biz Rusiya ilə danışıq apararaq çalışırıq ki, bu bənd icra olunsun. Ümumiyyətlə, 10 noyabr bəyanatının icrası ilə bağlı iki əsas problemimiz var: Laçın dəhlizinə nəzarət və 4-cü maddənin icrası. Daha sonra qaçqınların qayıtması, o cümlədən azərbaycanlı qaçqınların Xocalı və Xankəndiyə qayıtması.

Gürcüstan-Rusiya münasibətlərinə gəldikdə isə Gürcüstan rəsmiləri bəyan edirlər ki, biz indiki şəraitdə Rusiya ilə hər hansı əməkdaşlıq edə bilmərik. Ona görə də mən hesab edirəm ki, biz altılıq platformasına pillə-pillə, mərhələli şəkildə gedib çıxacağıq. Burada Azərbaycanın çox böyük əhəmiyyəti var. Çünki bizim artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatlarımız mövcuddur və uğurla inkişaf edir.

– Tbilisidə bəzi qüvvələr bildirirlər ki, regionda kommunikasiyaların açılması ilə Gürcüstanın strateji əhəmiyyəti, ölkə üzərindən daşımaların həcmi azalacaq. Ölkənin keçmiş prezidenti Mixail Saakaşvili də bununla bağlı fikirlərini açıqlayıb. Deyib ki, Gürcüstan “heç kimə lazım olmayan” və “Cənubi Qafqazın kəsilmiş hissəsi” olmaq təhdidi ilə üz-üzə qalıb…

– Gürcüstan bizim tərəfdaşımız, müttəfiqimizdir. Həqiqətən də hazırda Gürcüstanda bəzi qüvvələr onların ölkəsinin vacibliyinin azalacağı ilə bağlı narahatlıq ifadə edirlər. Düzdür, yeni dəhlizlər yaransa, ola bilsin ki, hansısa dəhliz üzərində yüklərin azalmasını və ya artmasını gözləmək olar. Amma ümumən Gürcüstan bizim üçün vacib tranzit ölkədir. Təhlükəsizlik baxımından da bizim bir sıra ortaq məsələlərimiz var. Azərbaycan-Türkiyə-Gürcüstan formatının vacibliyi regionda qalacaq. Müxtəlif formatların inkişafı və bəlkə də gələcəkdə geosiyasi vəziyyət dəyişsə, Ermənistanla Azərbaycan, Gürcüstanla Rusiya arasında münasibətlər yaxşılaşa, altılıq platforması yaranacaq. Hər halda bu bizim hədəfimizdir, buna çalışmaq lazımdır. Ərazi iddiaları təbii ki, qəbuledilməzdir və regionda ərazi bütövlüyü prinsipi bərqərar olunmalıdır. Bu hər üç dövlətə aiddir. Bizim vizyonumuz bundan ibarətdir.

– Fərid müəllim, 1890-cı ildə Erməni İnqilabi Federasiyası – Daşnaksütyun yaradılıb və həmin ildən də özlərini “fədai” adlandıran bu terror təşkilatında cəmləşmiş silahlı quldurlar erməni xalqında anti-Azərbaycan və anti-türk əhval-ruhiyyəsi yaratmağa başlayıblar. Beləliklə, biz deyə bilərik ki, artıq bu ədavətin, nifrət ideologiyasının 130 ildən artıq yaşı var. Vətən müharibəsində qazanılan qələbə ilə ermənilərin 130 ildən artıqdır sığındıqları, tapındıqları bu ideologiyadan imtina edəcəklərini söyləmək mümkündürmü?

– Ermənilərin belə tezliklə bu ideologiyadan köklü şəkildə imtina edəcəyini, bu təfəkkürün tamamilə dəyişəcəyini söyləmək sadəlövhlük olardı. Yox. Təbii ki, orada bu nifrət hissi qalacaq. Amma eyni zamanda dərk etməlidirlər ki, onlar bir dalana gəlib çıxıblar. Onların başında bir “böyük Ermənistan” xülyası var. Guya nə vaxtsa mövcud olub. Tutaq ki, tarixin müəyyən bir dövründə – 40-50 il ərzində hansısa ərazilər “böyük Ermənistan”a aid olub. Bu, təbii ki, XXI əsrdə ərazi iddiaları üçün əsas ola bilməz. Belə baxanda onda Azərbaycan da, Ermənistan da müasir İtaliya Respublikasının tərkibində olmalıdır (gülür). Çünki Roma İmperiyasının döyüşçüləri sərkərdə Pompeyin vaxtında gəlib bizim bütün bölgəmizi zəbt etmişdi. Ən azı Qobustanadək gəlib çıxmışdılar. Odur ki, bu yanaşmanı dünyada da heç kim qəbul etmir. Ermənilər özləri də bildirirlər ki, bizim bu işğalımızı heç kim tanımadı, qəbul etmədi və bundan sonra da qəbul etməyəcək.

Burada bizim üçün ən əsas məsələ ondan ibarətdir ki, bizim tərəfimizdən paradiqma dəyişdirilib. Mən hərdən görürəm, sosial şəbəkələrdə belə şərhlər verirlər ki, axıradək iş görmədik və sair. Burada realist olmaq lazımdır. Nələri edə bilərdik, nələri edə bilməzdik. Bizə qarşı ittihamlar, hətta əməliyyat və sair ola bilərdi. Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini 1991-ci ilin noyabrında ləğv etmişik. Amma faktiki olaraq ermənilər hər şeyə nəzarət edirdi. Biz bunu darmadağın etmişik. Bu gün bizim ordumuz Şuşadadır, Hadrutdadır. Bu vilayət artıq yoxdur və ermənilər bilirlər ki, ona qayıtmaq ehtimalı da yoxdur. Hətta bu yaxınlarda bir rusiyalı hərbi ekspert yazmışdı ki, Ermənistan hansı maliyyə gücünə, hətta hansı xarici yardımın hesabına öz ordusunu inkişaf etdirəcək? Yazıda qeyd olunurdu ki, Ermənistan bu əraziləri yenidən işğal etmək istəyirsə, Azərbaycan Ordusundan iki-üç dəfə güclü olmalıdır. Bu da mümkün olan bir şey deyil. Hətta onun xarici havadarları da bunu edə bilməyəcək. Ona görə də ola bilsin ki, ermənilər bu iddialardan əl çəksinlər. Nifrət hissi isə təbii ki, Ermənistanda qalacaq. Amma konstruktiv qüvvələr də ola bilər ki, yavaş-yavaş hakimiyyətə gəlib möhkəmlənsinlər. Siz deyirsiniz ki, bu nifrət ideologiyasının 130 ildən artıq tarixi var. Nəsillər 20-25 ildən sonra dəyişir. Burda 5-6 nəsildən söhbət gedir. Amma tarixə baxsaq, 130-140 il tarix üçün heç nədir. Bunu da demək lazımdır ki, ondan əvvəlki dövrdə bizim münasibətlərimiz ümumən sülh şəraitində keçib.

Ermənilər tarixi hər zaman ustalıqla təhrif ediblər və Qərb də bunu qəbul edib. Bir faktı – Şuşaya Şuşi deməklərini götürək. Ermənilər Şuşaya heç vaxt Şuşi deməyiblər. Tarixi sənədlərə, kitablara baxdıqda onların hər zaman Şuşa dediklərini görə bilərik. Sovet Ermənistanında buraxılan ədəbiyyatlarda Şuşa yazılıb. Həmin kitabların bəziləri internetdə var. 1960-70-ci illərdə yazılan kitablarda Şuşa yazılıb. Yalnız 1992-ci ildən sonra ermənilər şəhərə Şuşi deməyə başlayıblar. Ermənilər Qarabağa Artsax deyirlər. Tarixi sənədlərdə bu sözü görmək olar. Amma Şuşi sözünə rast gəlmək mümkün deyil. Onsuz da Şuşa şəhəri XVIII əsrdə salınıb. Ermənilər özləri də 200 il şəhəri Şuşa adlandırıblar. Şuşi yeni bir sözdür.

Ümumiyyətlə, “böyük Ermənistan” ideyasının da tarixi çox deyil. Bu xəritəni XVIII əsrdə Çamçiyants soyadlı erməni keşiş ortaya atıb. Yəni bu ideyanın cəmi 300 illik tarixi var.

– BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı – UNESCO işğaldan azad olunmuş ərazilərdəki xristian dini abidələrinin vəziyyəti ilə bağlı narahat olduğunu bildirib və regiona missiya göndərmək istədiyini açıqlayıb. Halbuki, UNESCO 28 il ərzində işğal altındakı ərazilərdə qalan Azərbaycan tarixi və mədəni abidələrinin taleyinə etinasız qalıb. UNESCO-nun Azərbaycana münasibətdə bu qərəzli münasibəti nədən qaynaqlanır?

– Biz hər bir beynəlxalq təşkilatla hər zaman münasibət qurmağa, onu inkişaf etdirməyə çalışmışıq. Hesab edirəm ki, bu düzgün siyasətdir. Eyni zamanda UNESCO-Azərbaycan əlaqələrində konstruktiv nümunələr də olub. Buna misal olaraq bizim milli mətbəxin, musiqi alətlərinin və sair mədəni irs nümunələrinin Azərbaycana məxsus olması ilə UNESCO-nun qərar qəbul etməsini göstərmək olar. Təəssüflər olsun ki, indi UNESCO bu cür mövqe sərgiləyir. Mən hesab edirəm ki, burada iki faktor var. Birincisi Vətən müharibəsindəki qələbəyə görə bir çoxları Azərbaycana qısqanclıqla yanaşır. İkincisi isə təbii ki, burada Türkiyə faktoru var. Türkiyəyə münasibətdə qərəzli mövqe bizə də öz təsirini göstərir. Çox güman ki, UNESCO-da da bəzi məmurlar şəxsi mövqelərdən çıxış edərək Azərbaycana qarşı belə iddia irəli sürüblər ki, oradakı xristian abidələri guya təhlükə altındadır. Təbii ki, Azərbaycan buna cavab verib. Budur, erməni kilsəsi Bakının mərkəzindədir (Fərid Şəfiyev bunu deyərək əli ilə pəncərədən görünən erməni kilsəsini göstərir). Bu da sübutdur ki, Bakıda erməni kilsəsi qorunub saxlanılır.

Digər məsələ isə ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə hansı dinə, hansı xalqa məxsus olmasından mövcud olan bütün maddi və mədəni irs nümunələri Azərbaycana məxsusdur. Ermənilər Xudavəng alban monastırındakı freskaları söküb aparıblar. Lap tutaq ki, bu erməni monastırıdır və erməni freskasıdır. Bu ərazi bizimdir və oradan nəyisə götürüb aparmağa heç kimin ixtiyarı yoxdur. Biz bəzən bu məsələləri qarışdırırıq. Burada da paradiqmanı dəyişdirmək lazımdır. Yəni, fərqi yoxdur kimin irsidir, Azərbaycan ərazisindən nəyisə qeyri-qanuni şəkildə aparmaq cinayət məsuliyyəti yaradır. Müxtəlif konvensiyalara – 1954-cü ildə qəbul olunmuş Silahlı münaqişələr zamanı mədəni irsin qorunmasına dair Konvensiyaya, 1970 və 1972-ci illərdə qəbul olunmuş konvensiyalara ziddir. Burada beynəlxalq hüquq çərçivəsində atılmalı olan addımlar var.

Onu da qeyd edim ki, 1968-ci ildə tərtib edilmiş texniki pasportda Xudavəng monastırının alban kilsəsi olduğu yazılıb.

– Yeri gəlmişkən, mən bu yaxınlarda Şuşada yerləşən və ermənilərin “Surb Amenaprkiç” və ya “Surb Kazançetsots” adlandırdıqları Qazançı kilsəsinin də pravoslav dini abidəsi olduğuna dair yazıya rast gəldim…

– Bu kilsənin adı Qazançı sözündən götürülüb. Naxçıvanda, Culfa rayonunda Qazançı adlanan kənd var. Oradan Şuşaya köçənlər olub. Onların Şuşada yaşadığı məhəllə Qazançı adlanıb. Bu ərazidə inşa olunan kilsə də Qazançı kilsəsi adlanır. Necə ki, bizdə içərişəhərli, saraylı, qalalı kimi sözlər var, bu qazançı sözü də o cürdür.

– Fərid müəllim, 1994-cü ildən 2020-ci ilədək Ermənistanla Azərbaycan arasında “nə hərb, nə sülh” vəziyyəti mövcud olub. İndi isə nə düşmənik, nə də dost. Bu vəziyyət nə qədər davam edəcək?

– Biz təbii ki, dost deyilik. Azərbaycan ərazilərinə iddia edən, revanşist əhval-ruhiyyədə yaşayan, millətçi ermənilər düşməndir. Amma digər ermənilərlə münasibətlərimiz düşmənçilikdən bir yerdə yaşamağa keçid dövründədir. Biz tez-tez tolerantlıq sözünü işlədirik. Bizim tolerant xalq olduğumuz deyilir. Tolerantlıq dözməkdir. Amma biz tutaq ki, yəhudilərə sadəcə tolerant yanaşmırıq, onlarla aramızda müəyyən dostluq var. Quba dağ yəhudiləri, yaxud İsraillə münasibətlər artıq dostluqdur. Bizdə hətta mən deyərdim ki, sinergiya var. İsraildə olmuşam, görmüşəm ki, Azərbaycandan çıxan yəhudilər Azərbaycan yeməyi yeyirlər. Bax, bu, sinergiyadır. Multikulturalizm, əsl qaynayıb-qarışmaq budur. Ermənilərlə də bizim müəyyən ortaq elementlərimiz var. Ermənilər bizim musiqimizə qulaq asırlar, mətbəximizdən istifadə edirlər. Burada problem onların onu mənimsəməyə çalışmasındadır. Ona görə də mən hesab edirəm ki, burada münasibətləri düşmənçilik və dostluq kimi yox, bir yerdə, bir regionda yaşamağa alışmaq üçün aralıq mərhələ kimi qiymətləndirmək olar.

– Siz Azərbaycanın Çexiyada da səfiri olmusunuz. Avropada indi dövlət sərhədləri formal xarakter daşıyır. Hər bir ölkənin bayraqları qalsa da sərhədlər itib. Amma eyni zamanda Avropa İttifaqının vahid bayrağı var. Hazırda bu mənzərə əsrlərlə bir-biri ilə qanlı, amansız müharibələr aparan, XX əsrdə isə iki dünya müharibəsinin başladığı və xalqlara böyük fəlakətlər yaşatdığı Avropada müşahidə olunur. Bir əsrdə iki dünya müharibəsi aparan avropalılar sonda anladılar ki, dinc birgə yaşayışa, mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur. Siyasi baxımdan Avropanın bir hissəsi olan Cənubi Qafqazda da biz eyni mənzərəni nə vaxtsa müşahidə edə biləcəyikmi? Sizcə ermənilərin mütləq çoxluğu Azərbaycanla əməkdaşlığa, dostluğa, dinc yanaşı yaşamağa nə vaxtsa tam hazır olacaqlarmı? Nə vaxtsa onlarda sağlam düşüncə qalib gələcəkmi?

– Bu, hədəfdir. Avropalılar 75 il bundan əvvələdək bir-birlərini qırırdılar. Bu yaxınlarda ermənilərlə onlayn təmasımız oldu. Orada avropalılar da çıxış edirdilər. Bizə indi bir qədər təzyiqlər var ki, siz qələbə çalmısınız, siz erməniləri hər cəhətdən təmin etməlisiniz. Bəli, biz erməniləri öz vətəndaşlığımıza qəbul etməyə hazırıq. Burada bir məsələ vacibdir. Əgər biz Avropa dəyərlərindən danışırıqsa, deməliyik ki, Avropanın təhlükəsizlik arxitekturası ərazi bütövlüyü prinsipinə söykənir. Digər məsələlər, o cümlədən milli azlıqların hüquqlarının qorunması bundan irəli gəlir. Biz də buna hazırıq. Azərbaycan çoxmillətli ölkədir. Burada yəhudi, rus, ləzgi, talış və digər xalqların nümayəndələri yaşayır. Onların heç birinin özəl statusu yoxdur. Azərbaycan qanunvericiliyi çərçivəsində onların hüquqları təmin olunur. Biz ermənilərin də hüquqlarını təmin etməyə hazırıq. Burada bir iş görmək lazımdır. Həm Ermənistan, həm də Avropa – hansı ki, bu işlərə qarışmağı xoşlayır – Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməlidir. Rəsmi olaraq Avropada hamısı dəstəkləyir. Amma burada real, konkret addımlar atılmalıdır və Cənubi Qafqazda ilk növbədə təhlükəsizlik arxitekturası yaranmalıdır. Bunun yaranması üçün ən əsas məsələ bu ölkələrin suverenliyi və ərazi bütövlüyüdür. Bunun əsasında milli azlıqların hüquqlarının təminatı, sosial məsələlərinin həlli və sair nəzərdə tutulmalıdır. Əgər ermənilər bu yanaşma ilə razılaşsalar, o zaman bəli, vaxtilə bir-birini qıran avropalılar arasında olmadığı kimi bir 75 ildən sonra bizim aramızda da sərhədlər öz əhəmiyyəti itirə və simvolik xarakter daşıya bilər.

Digər xəbərlər

Füzulinin Aşağı Aybasanlı kəndindən görüntülər - VİDEO
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
Türkiyəli aktrisanın əri öldürüldü
İzmiri zəlzələdən sonra su basdı - VİDEO
Baş Prokurorluq Gəncədən son təxribatla bağlı fotolar yaydı
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 80-i ötüb - YENILƏNİB
Qurban bayramında neçə gün iş olmayacaq?
Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO
Qarabağa köçmək istəyənlərə ŞAD XƏBƏR
Messi “İnter Mayami”yə 7 milyon abunəçi gətirdi
Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Nazir müəllimlərin sertifikasiyası haqda
"Neftçi"nin vurduğu möhtəşəm qol -
Yağın qiymətinin artmaması üçün qərar qəbul edilib
İlham Əliyev Rusiyanın baş nazirinin müavinini qəbul etdi
Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Qonaqlıqdan sonra tanışını ürəyindən bıçaqlayıb öldürdü
Olimpiadada rekord vuran Kamilla Vəliyevada dopinq aşkarlandı
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Azərbaycan nefti 2%-dək ucuzlaşıb
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?
Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - VİDEO
Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir
Xoşqədəmin verilişində təəccüblü anlar: -
Baş nazir yeni QƏRAR İMZALADI
{sape_links}{sape_article}