Son dəqiqə
Siyasət / Manset
16-02-2021, 14:39
3 985
Ermənilər yeni ordu yaradır? - “Harada Azərbaycan əsgəri görürlərsə...”
Ermənistan mediasının yazdığına görə, separatçıların Dağlıq Qarabağdakı “ordu”suna çağırış başlayıb. Hətta sosial şəbəkələrdə Xankəndi hərbi komissarlığının qarşısında çəkilən şəkillər paylaşılıb. Bu xəbərin mətbuata yol tapması isə cəmiyyətdə narahatlıq yaradıb.
Maraqlıdır, rəsmi Yerevan separatçıların Dağlıq Qarabağdakı “ordu”sunun ləğv ediləcəyi ilə bağlı 10 noyabr sazişinə əsasən, üzərinə götürdüyü öhdəliyə niyə əməl etmir? Ermənistanın bu addımı sazişin pozulması kimi qiymətləndirilə bilərmi?
XeberTv.info-nun məlumatına görə, mövzu ilə bağli Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu faktları Ermənistan KİV-i tirajlamaqda maraqlıdır:
“Qarabağ ərazisindəki qondarma rejimin “ordu”su Ermənistan ilə birlikdə müharibə zamanı heç bir döyüş imkanı və bacarığı ilə yadda qalmadı. İndi isə Qarabağda qalan töküntülərdən və 40 min əhalidən ordunun formalaşdırılması, üstəlik mənəvi cəhətdə sarsılan və darmadağın edilən bir qurumda kiminsə xidmət etməyə can atması real görünmür.
40 min nəfər Azərbaycanın ən kiçik rayonlarının əhalisindən belə azdır. Bir rayon bir ordu formalaşdırmaq potensialına malik ola bilməz. Digər tərəfdən, Ermənistana qayıdan əhali arasında əsgərlik yaşına çatan çağırışçıların sayı nəinki ordu, hətta bir motoatıcı taboru belə formalaşdırmaq üçün yetərli deyil. Ona görə də düşünürəm ki, burada erməni təbliğat maşını yenidən “fəaliyyətə” başlayıb. Lakin Azərbaycan tərəfi də bu məsələyə sərt təpkisini göstərməli, sülhməramlılardan üzərlərinə götürdükləri funksiyaları tam yerinə yetirmələrini, yəni erməni silahlılarının Qarabağ ərazisindən tam çıxarılmasını tələb etməlidir”.
Həmsöhbətimiz hesab edir ki, hazırda xüsusi əməliyyata ehtiyac yoxdur:
“Siyasi qərarlar təxribatlara tələsik cavab fonunda qəbul edilə bilməz. Onlarda ordu yaratmaq üçün ciddi potensial yoxdur. Ordunu sadəcə insanları əsgər çağırmaqla həll etmək olmaz. Ordunun yaradılması və formalaşması üçün zirehli və zirehsiz texnika, nəqliyyat vasitələri, silah və sursat, istehsal müəssisələri, maddi texniki təminat və ciddi miqdarda maliyyə vəsaiti lazımdır. Ermənistandan və ya digər havadarlardan bu vəsaitlər gəlməsə, Qarabağda “ordu” yaratmaq və onu ayaqda saxlamaq mümkün deyil.
Amma göründüyü kimi, Ermənistanın özü də hazırda sıxıntı içərisindədir. Həm insan, həm texnika itkiləri böyükdür. O, özünü bərpa etmədən Qarabağdakı qondarma rejimi necə təchiz edəcək?
Hər gün yeni sərhədlərimiz bərpa olunur, əsgərlərimiz irəliyə doğru yeni mövqelər hazırlayır. Amma biz bu prosesdə Ermənistan ordusunu Azərbaycan Ordusunun qarşısında görmürük. Harada Azərbaycan əsgəri görürlərsə, dərhal rus sülhməramlılarını oraya dəvət edirlər. Əgər Ermənistanın öz ordusu varsa, öz sərhədlərini niyə qoruya bilmir? Gətirsinlər erməni ordusunu, baxaq görək ordumuzun qarşısında dura biləcəkmi?
Qarabağda ermənilərə Ağdam tərəfdə rast gəlinir. Yeri gəlmişkən, çox sözəbaxan olublar. Onların yaş həddi 35 ilə 50 arasında dəyişir. Sən orduya əsgər çağıra bilirsənsə, niyə 50 yaşında olan erməninin “xidmətə” aparırsan?! 50 yaşında olan əsgərə maaş vermək lazımdır, çağırışla gələn əsgərinin saxlanılması isə daha az vəsait tələb edir. Deməli, onlar öz potensiallarına özləri də bələddir”.