Son dəqiqə
Aktual / Ölkə
2-04-2021, 10:15
3 868
Bakıda bəzi yerüstü piyada keçidləri elə gündədir ki... - ARAŞDIRMA

Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə sakinlərin onlardan niyə istifadə etmədikləri aydın olur.
XeberTv.info bak-xeber.com-a istinadən məlumat verir ki, bir çox keçid zibillə dolub-daşır, amma vaxtında təmizlənmir. Bir sıra piyada keçidlərinin təmizliyinə fikir verilmir. Piyada keçidlərinin vəziyyəti də bunda az rol oynamır. Nəticədə sakinlər həmin keçidlərdən istifadə etməkdə maraqlı olmurlar.
Məsələn, Binəqədi rayonu Müşfiqabad qəsəbəsindəki yerüstü piyada keçidi bərbad vəziyyətdədir. Bundan başqa, Suraxanı rayonu istiqamətində yerləşən və əvvəlki uşaq kolonu yaxınlığındakı keçid pis gündədir. Əvvəllər keçid təmizlənsə də, sonradan buna əhəmiyyət verən olmadı. Piyada keçidlərinin problemi tək natəmizlik deyil. İşıqlandırma və məhəccəri də yox səviyyəsindədir.
Qaranlıq və natəmiz olduğu üçün sakinlər məcbur qalıb, həyatlarını təhlükəyə ataraq avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçirlər. Düzdür, keçidlərin zibillənməsində bəzi vətəndaşların da günahı az deyil.
Problem ondadır ki, bəziləri bilərəkdən piyada keçidlərini zibilləyirlər. Ərazidə zibil üçün ayrılan yerə yaxınlaşmağa tənbəllik edirlər. Bəzən elə olur ki, keçidin özündə zibil üçün ayrılan qutu dolub-daşır, amma vaxtında zibillər oradan yığışdırılmır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Bakının bir sıra yerlərində piyada keçidləri vaxtında təmizlənmir:
“Mən özüm dəfələrlə nəinki ətraf ərazilərdə, şəhərin mərkəzində yerləşən piyada keçidlərinin zibil içində olduğunun şahidi olmuşam. Təəssüflər olsun ki, bu belədir. Gecə vaxtı səfil həyat tərzi keçirən şəxslər keçidlərdə gecələyir, bu və ya digər formada ətrafı zibilləyirlər. Yaxud da piyadalar keçidi keçərkən tum dənəsini yerə atırlar və s. Eləsi var görür heç kəs yoxdur, evdəki zibili keçidə qoyub gedir.
Müxtəlif formada piyada keçidlərinin zibillənməsi halları baş verir. Keçidlərin təmizliyinə cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyətidir. Əfsuslar olsun ki, BŞİH keçidlərin təmizliyinin qorunmasını yaxşı təşkil edə bilmir. Yaxşı olardı ki, bu iş bələdiyyələrə həvalə edilsin. Nəticədə həm BŞİH-nin yükü azalacaq, həm də bələdiyyələrin qurum olaraq rolu artacaq. Ərazidəki hər bir bələdiyyə piyada keçidlərinin təmizliyinə görə cavabdehlik hiss edəcək”.
Ekspert onu da qeyd etdi ki, keçidlərin vaxtında təmizlənməməsi natəmizlik mənbəyidir.