Son dəqiqə
3-05-2021, 16:04
1 496

“Təcili yardım sürücüsü bilmədən öz oğlunun nəşini gətirmişdi”



İkinci Qarabağ müharibəsindən aylar ötür. 44 gün davam edən və qalibiyyətimizlə nəticələnən hərbi əməliyyatların mənəvi və psixioloji yükünü hələ də üzərimizdən ata bilməmişik. Bu yükün ağırlığını daşıyanların çoxu müharibədə iştirak edənlərdir. Onlar hələ də şahid olduqları müharibə səhnələrini xatırlayırlar. Bəlkə də, hələ illər sonra da unutmayacaqlar.

O qanlı-qadalı günlərdə hər şeyini fəda edən saysız tibb işçilərimiz oldu ki, bu gün yenə də unutqan xasiyyətimiz ucbatından onların qəhrəmanlığını çox halda gözardı edirik. Belə qəhrəmanlardan biri də Vətən Müharibəsi boyu hərbi hospitalda yaralı əsgərlərimizə xidmət edən tibb bacısı Şahanə Quluzadədir. O, yaşadıqlarını, gördüklərini AYNA-ya danışıb.

- Necə oldu ki, müharibəninın içinə düşdünüz?

- Müharibə başlamamışdan Naftalandakı tanınmış sağlamlaq mərkəzinin (sanatoriya tipli) təchizat şöbəsinin müdiri vəzifəsində çalışırdım. Sentyabrın 27-si səhər saat 5-də atışma səsləri başladı. Ondan öncəki gün Şəkiyə səfər planınımız vardı, Beynəlxalq Turizm günündə iş yoldaşlarımızla vaxt keçirmək istəyirdik. Həm də başqa bir yoldaşımla birgə 27 sentyabrda ad günümüzü qeyd edəcəkdik. Amma müharibənin başlaması mənim üçün əsl ad günü sürprizi oldu.

Həmin gün Bakıda yaşayan anama zəng vurub dedim ki, “mənə halallıq ver, şəhərə qayıtmayacam bir müddət, deyəsən, müharibə başladı, burada olmalıyam”. Anam “narahat olma, salamat ol”, - dedi. Bu, həyatımda dönüş nöqtələrindən biri oldu. Bir də baxdım ki, artıq müharibənin içindəyəm.

Müharibənin necə bir dəhşət olduğunu hamımız yaşamasaq da, bilirik. Əgər döyüş əmri verildisə, artıq biz də yalnız cəbhəyə köklənməli idik. Mənim ilk işim Naftalandakı hospitaldakı vəziyyətə hansısa formada dəstək vermək idi. Müharibədə həm xəstəxananın və səngərlərin maddi-texniki yardımla təminatında bir təchizatçı kimi, həm də hospitalda öz ixtisasım üzrə hərbi vəziyyətdə cərrahın tibb bacısı kimi çalışırdım. Onlarla yaralı oğullarımızın qulluğunda dayanmaq kimi şərəfli iş görüyüm üçün şadam.

- Sizcə, müharibə qaçılmaz idimi?

- Axır-əvvəl müharibə olmalı idi. Hamı həmin tarixi səbirsizliklə gözləyirdi. Ötən ilin iyun-iyul aylarında Tovuzda düşmənin hücumları artıq son hədd idi. Həmin döyüşlər zamanı Gəncəyə getdim, artıq əsgərlərə xalq payının aparılmasına start vermişdik. Naftalanın Qaşaltı kəndindən sonra postlar başlayırdı. Müharibənin qoxusu gəlirdi. Vaxtilə Birinci Qarabağ müharibəsində Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin könüllüsü kimi çalışmışdım. Müharibə təcrübəm vardı. Amma hər iki müharibə mənim üçün qəfil olsa da, gözlənilməz olmadı.

- Müharibə başlayanda qorxularınız nələr idi?

- Qorxular, sözsüz, verəcəyimiz canlı itki ilə bağlı idi. Ən böyük qorxum girov düşmək idi. Çünki ermənilərin hələ 1-ci Qarabağ müharibəsində girovlara, hərbi əsirlərə, dinc əhaliyə qarşı qeyri-insani vəhşiliklərini gözəl bilirdim. O vaxtlar zərər çəkmiş, qətlə yetirilmiş insanları öz gözümlə görmüşdüm. Döyüşlər getdiyi vaxtlarda biz ən təhlükəli yerlərə, yeni azad olunmuş ərazilərə yardım aparırdıq. Hər dəfə mənə deyirdilər ki, “getməsəniz, yaxşıdır, erməni diversiya qrupları ilə qarşılaşa bilərsiniz”. Amma mən özümə əmin idim. Bizi aparan dəstədən silah istədim, snayper təlimi də keçmiş biri kimi müdafiəyə hazır idim. Ermənilərin insanlıqdan kənar davranışlarından biri də - müharibədə hospitallarımızı atəşə tutması idi. Zirzəmidəki səhra hospitalları belə, atəşə tutulurdu. Cəbhədən uzaq şəhərlər bombalandı.

- Müharibə dövründə başqa hansı öhdəlikləri üzərinizə götürməli oldunuz?

- Xalq birliyi çox güclü idi. Müharibə həm məni başqalarına tanıtdı, həm də ətrafda olan insanların çoxunun necə patriot olduğunu gördüm. Bu, sözlə ifadə olunacaq bir qayğı, diqqət deyildi. Qeyd etdiyim kimi, təcrübəli tibb bacısı kimi yaralıların müvafiq şöbələrə yönləndirilməsi, onlara ilkin tibbi yardımın edilməsi, palatalardakı yaralıların qidalanmasından tutmuş geyiminə qədər ehtiyacların öyrənilməsi və təminat işinə baxırdım. Əlimdən nə gəlirdisə, edirdim. Yaralı əsgərlərlə psixoloji söhbətlər etməyi də özümə borc bilirdim.

- Müharibədəki həkim və tibbi personalın qəhrəmanlığı danılmazdır. Siz həm nümunə, həm də şahidsiniz...

- Müharibə başlayandan bitənə qədər hosbitala gələn hər yaralıya eyni münasibət göstərmişik. Bizim nə qədər fədakar həkimlərimiz varmış, onda gördüm. Elə həkim vardı, şəhərdən cəbhəyə gəlmək üçün izn ala bilməmişdi, ərizəsini yazıb gəlmişdi. Sözüm odur ki, hər həkim, tibb işçisi hər əsgərə doğması kimi baxırdı. Mənim bir yaxınım da təsadüfən yaralı kimi gətirilmişdi. Biz hər əsgər, yaralı üçün dua edirdik. Deməli, hospitalın pəncərəsindən gələn təcili yardım maşını yolun sağına dönürdüsə, deməli, şəhidimiz vardı, sola dönəndə demək, yaralı vardı. Biz dua edirdik ki, heç olmazsa, yaralı olsun, oğullarımızın nəşi gəlməsin.

- Müharibə dövründə ordumuza güvəniniz necəydi?

- Əminlik vardı. Zamanla hər şeyin xüsusi planla getdiyini anladım. Orduya inam necə olmasın ki, yaralı olan əsgər, hərbçilər ağır vəziyyətdə ola-ola, bizlə döyüşə qayıtmaq üçün dava edirdilər? Hətta “həkimə deməyin ki, yaram ağırdır, yoxsa məni hələ burada çox saxlayacaq, qardaşlarımın yanına qayıtmalıyam” deyən, yalvaran oğullarımız vardı. 17-18 yaşlı əsgərlərin patriotluğundan həm qürurlanırdım, həm də onlardan ilham alırdım. Belə igidləri olan necə qələbəyə inanmazdı?!

- Müharibə dövründə sosial mediada müharibə əleyhinə olan yazılara, çağırışlara da rast gəlmək olurdu. Məsələn, “No war!” tipli profillər vardı. Bu insanlar nə istəyirdi?

- Dediyim kimi, müharibənin dəhşətini görməyənlər üçün danışmaq çox asandır. Biz müharibə arzu etməmişik, biz torpağımızın azadlığını, ata yurdlarımızı düşməndən geri almağı hədəfləmişik. Bir qrup insanın bizi daşlamasını ciddi qarşılamadım.

- İnformasiya təminatı sizi qane edirdimi? Xəbər boşluğundan şikayətlənənlər vardı.

- Bizim günboyu informasiyaları izləmək kimi vaxt imkanlarımız yox idi. Ancaq cəbhə üçün nəsə etməyə çalışırdıq. İndi baxıram, saysız fotom belə, yoxdur ki, həmin günlərdən xatirə qalsın. Rəsmi xəbərləri eşidirdik. Qalibiyyət xəbəri bəzən bizə daha tez gəlirdi. Müharibə qanunlarına görə, bizim nəsə paylaşmaq imkanımız yox idi. Bizim yerləşdiyimiz yer strateji yer idi, bir foto da çəkmirdik ki, birdən foto ilə yerimiz bilinər. Nə internetdən, nə VPN-dən istifadə etdim. Heç çoxumuz telefondan istifadəni unutmuşduq.

- Müharibə həm də xalqın ön cəbhəyə sonsuz dəstəyi ilə yadda qaldı. Nələrə şahidlik etdiniz?

- Naftalanda dediyim kimi, işimlə bağlı bağlantılarım çox idi. Müharibədə bir zənglə əsgərə lazım olanları toplayıb ala bilirdik. Bizə yaxın səngər, postlara çox vaxt özüm yardımları aparırdım. Olurdu ki, bir torba ərzaqla gələn olurdu, insanlar nələri vardısa, əsgər üçün göndərməyə çalışırdılar. Ətrafdakı dostlar hər cür yardıma hazır idi. Həm yaralı, həm də döyüşən hərbçilər üçün etibarlı yollarla yardımı toplamağa nail olurduq. Təəssüf kü, bəzən yardımların ünvana getmədiyi xəbərləri də olurdu, buna çox məyus olurdum. Bəzən deyirlər ki, “niyə müharibənin anonsu verilmədi?”. Axı bu gün əsgər payına göz dikəni varsa, demək təxribatçı, satqını da çox var. Qəfil müharibə bəzilərinin pis planını qurmağa imkan vermədi.

- Siz də neqativlərin şahidi olmusunuz. Həmin gərgin vaxtlarda bununla necə mübarizə aparırdınız?

- Bəli, ilk vaxtlar oteldə yaralılar üçün hazırlanan və ya yardım üçün gələn xörəklərin yoxa çıxdığının şahidi oldum. İnanın ki, elə insanlar, həkimlər vardı ki, yaralı yeməmiş aclıqdan danışmırdı. Bəziləri də vardı ki, o ağır günlərdə əsgər payını evinə daşıyırdı, yaralı üçün alınan, gətirilən geyimləri oğurlayırdı. Belə insanlar hər zaman olub, bunu qəbul etmək lazımdır. Amma mən səbr etmədən, icra hakimiyyətinə, lazımı nəzarətçilərə xəbər edirdim. Nisbətən vəziyyət düzəlmişdi. Amma müharibə bitəndən sonra mənim özümü “xəbərçilik” səbəbindən ixtisar adı ilə işimdən xaric etdilər. Hələ də iş yoldaşlarım bu ədalətsizlikdən danışır.

- Müharibə dövründə başqa hansısa çatışmazlıqları müşahidə etdiniz?

- Müharibə başlayan ilk günlər tibbi heyət çatışmazlığı yaşadıq. Həkimləri qınamalı deyil, heç kəs vəziyyətə hazır deyildi. Amma qısa müddətdə tibbi personal formalaşdı, könüllü həkimlər, tibb işçilərinin sayı artdı. Hamı vəzifəsindən artıq işə başladı. Tibbi avadanlıq, vasitə, dərman problemi yaşamadıq. Rayonların aptek rəhbərləri açarları bizə vermişdi ki, nə lazım olsa, götürək. Tək çatışmayan hərbçi həkimlərin, tibb bacılarının azlığı idi. Müharibədə psixoloji hazırlıq çox vacibdir. İxtisaslaşmış həkimlərin davranışı mühüm rol oynayır, həkim güllə yarası ilə qəlpə yarasında necə qərar verməsini bilməlidir. Misal üçün, elə həkim vardı, yaralının ayağını amputasiya etmək qərarını verirdi, eləsi vardı, ayağı qorumaq üçün başqa yollar axtarırdı. Məncə, müharibə bizdə hərblə bağlı dərslər verdi. Hərb sahəsində tibb işçlərinin hazırlanması geniş olmalıdır. Təlimlərə ehtiyac var, bundan sonra dinc yaşamaq istəsək də.

- Birbaşa döyüş əməliyyatlarına qoşulmaq fikiriniz vardımı?

- Mütləq. Tovuz hadisələrindən sonra müharibəyə könüllü getməklə bağlı müvafiq idarəyə müraciət etmişdim. Hətta müharibənin gedişatında bir daha tələb etdim ki, məni ön cəbhəyə aparın. İnanın xanımlar vardı ki, işini, ailəsini, biznesini, uşalarını qoyub döyüş nöqtələrinə getməyə cəhd edirdi. Nə iş olsa, razı idilər. Dəfələrlə komandirlərimiz “biz kişilər durmuşkən, sizə ehtiyac yoxdur” deyirdilər. Bizim şəhid tibb bacısı Arəstə Baxışovanın ölümündən sonra bu qadağalar lap gücləndi.

- Azərbaycan qadınının müharibədə rolunu necə ifadə edərdiniz?

- Müharibədə qadınlarımızın rolu çox böyük oldu. Qadın müharibə istəyə bilməz, ta ki, müharibə zərurəti yaranana - onun üzərinə yük düşənə qədər. İnanın, hospitalda yeri gəlib, öz həyatımızı risk altına qoyub birbaşa donorluq etmək istəmişik, bunu ən çox qadınlar edib. Yaralı əsgərin başına tumar çəkən, onu sakitləşdirən, yemək yedirən vaxtlar olurdu. Müharibəyə yollanan oğullar da arxasında ana, bacı, həyat yoldaşı qoyub getdi. Onları canını, nəşini qarşılayan və mənəvi yükü daşıyan da yenə qadınlardır. İndi də müharibəsonrası yük evinin kişisini, oğlunu itirən qadınların, əlillik qazanmış hərbçilərə qulluq edən xanımların üzərinə düşür. Onların əziyyəti əvəzolunmazdır.

- Noyabrın 9-dan 10-na keçən gecə müharibənin dayandığı elan olunanda hansı hissləri keçirdiyiniz maraqlıdır...

- Dövlət nəyə qərar verirsə, deməli nəyinsə əsası var. Ölkə rəhbəri müharibədə çox işlər gördü. Ali Baş Komandan bundan artığını edə bilməzdi. Günlərlə ağır iş rejimi, xarici jurnalistlərə hər gün müsahibə vermək, müharibənin gedişatını izləmək, verilən şəhid xəbərlərinə üzüntü... Kapitulyasiya aktının imzalanması, müharibənin bitməsi ölümlərin dayanması baxımından sevindirici idi. Düşməndə qalmış ərazilərimizin relyefi çətindir, ona görə ermənini buna məcbur etmək özü bizim qələb idi.

- Müharibənin sizin özünüzdə və ya tanıdıqlarınızda mənəvi, psixoloji izləri qaldımı?

- Bunu da sözlə ifadə etmək mümkün deyil. Ön cəbhədə olan biri kimi hələ də elə bilirəm ki, döyüşlər bitməyib. İkinci Dünya müharibəsində iştirak edən babalarımız həmişə deyirdilər ki, aclıq olsun, amma müharibə olmasın. İndi həmin nəsihəti, arzuları yaxşı başa düşürəm. Müharibənin dəhşətini görməyənlər bunu anlamazlar. Muharibədən sonra 16 kq arıqlamışdım. Bakıya anamın yanına - evimə gəldim, anam tanımadı məni. Bir müddət anamla yatdım. Əsəblərim yerində deyildi. Sanki hər şeydən qan iyi gəlidi. Psixoloji dəstək aldım. İndinin özündə də, elə bil ordayam. Amma canını verən oğulları düşünəndə onlara hələ nə boyda borcum olduğunu düşünürəm.

Mənim atam Ağdamın Gülablı kəndindəndir. Atam rəhmətə gedəndə dedi ki, məni basdırın, amma daş qoymayın, bir gün mütləq torpaqlar azad olunanda apararsız orada basdırarsız. İndi mən şəhid, qazilərin qarşısında necə baş əyməyim ki, onlar mənim atama olan borcumun yerinə yetməsinə vəsilə oldular?!

- Bəs, müharibədən sonra sizi narazı salan nələrsə varmı?

- Mən hospitalda qəhrəman həkimlər gördüm. Gecəsi-gündüzü olmayan insanlar vardı. Təəssüf ki, müvafiq nazirlik fədakar həkimləri, şəhid olmuşların qəhrəmalığını yetərincə qiymətləndirmədi. Bir təcili tibbi yardım sürücüsü vardı, həmin kişi bilmədən oğlunun nəşini gətirmişdi morqa, şəhid oğluna bir gün yas tutmadı, səhəri işə gəldi, dedi: “Oğlumu itirdim, barı o biri uşaqları qurtardığım qədər qurtarım”. Belə ürəkli insanlarımız vardı. Uşaqlar vardı 13-14 yaşında, yaralıya “sistem” köçürən zaman ştativ yerinə saatlarla ayaqüstə dayanırdılar. Qəhrəman oğulların döyüşləri bir başqa dastanlardır. Patriot insanlara, şəhidlərə, qazilərə qarşı xırda bir diqqətsizlik üzür məni, mənim kimilər heç, bizimki də borc idi. Amma canını vermiş insanlara münasibət hər şeydən üstün olmalıdır.

- Necə düşünürsünüz, azərbaycanlıların və ermənilərin Qarabağda birgə yaşaması mümkündürmü?

- Erməni vəhşiliklərini görmüş biri kimi, deyə bilmərəm ki, Qarabağda birgəyaşayış zamanla mümkün olacaq, ya yox. Tək onu bilirəm ki, qadınlar Qarabağa daha çox getməlidirlər. Qadınlar Qarabağa sülh gətirə bilər. Mən öz ərizəmi müvafiq dövlət orqanlarına vermişəm, işğaldan azad olunmuş torpaqlarda bütün sahələr üzrə biznes qurmaq, işləmək üçün can atıram. Mənə deyilib ki, istəyim mütləq nəzərə alınacaq. Gözləyirəm.

Canı dünyaya qadın gətirir. Canın qədrini ən çox qadın bilir. Sülh dövründə də, müharibə dövründə də qadın üzərində bütün yüklər cəmlənir. Tək onu deyə bilirəm ki, bundan sonra bizim sülh şəraitində yaşamaq haqqımız var.

XəbərTv.info

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}