Son dəqiqə
Səhiyyə / Sosial
8-12-2022, 17:10
441
Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

“Azərbaycanda 2 milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu, əhalinin 20 faizi deməkdir”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, artıq çəki dünyada ciddi problemə çevrilib və çoxlu fəsadlara yol açır: “Artıq çəki və piylənmə şəkərli diabet, hipertoniya kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu, Azərbaycanda da öz təsirini göstərir. Ölkədə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 2020-ci ildə 250 min olubsa, 2021-ci ildə bu rəqəm artaraq 310 minə çatıb”.
***
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, artıq çəki və piylənmə problemi təkcə səhiyyənin deyil, bütövlükdə cəmiyətin problemidir.
O qeyd edib ki, dünyada artıq çəki və piylənməyə məruz qalan insanların sayı ilbəil artır: “Təəssüf ki, uşaqlar arasında da artıq çəki və piylənməyə rast gəlinir. Hesab edirəm ki, statistikada əhalinin piylənmədən əziyyət çəkmə faizi ilə bağlı rəqəm 20 faizdən də artıqdır. Bu, son sərəcə düşündürücü problemdir. Bu, bir sıra xəstəliklərə, o cümlədən, ürək-damar, onkoloji xəstəliklərə səbəb olur. ÜST-nin rəyinə görə, piylənmə və artıq çəki insan ömrünü ən azı 10 il azaldır.
Hesab edirəm ki, biz sağlamlıq haqqında qanuna dəyişiklik etməliyik ki, gələcəkdə bu problemin qarşısını almaq üçün əlimizdə sənəd olsun”.
***
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Dövlət Statistika Komitəsinin yaydığı son hesabata görə, Azərbaycanda əhalinin 47 %-dən 62 %-ə qədəri artıq çəkidən, 7.9 %-dən 15.1 %-ə qədəri isə piylənmədən əziyyət çəkir.
Onun sözlərinə görə, bu rəqəmlər səhiyyə qurumlarında ciddi narahatlıq yaradır: “Piylənmədən əziyyət çəkənlər yanaşı olaraq digər xəstəliklərdən də əziyyət çəkir. Bu məsələdə həmrəylik nümayiş etdirmək lazımdır. Odur ki, TƏBİB olaraq bir çox dövlət və özəl qurumlarla əməkdaşlığa maraqlıyıq və bu işə hazırıq”.
***
Tədbirdə qeyd edilib ki, 2023-cü ildən fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal (saglamceki.az) istifadəyə veriləcək.