Son dəqiqə
19-04-2024, 09:52
169

Yaylaqda vəzifəli şəxsdən çobanın arvadına intim hərəkət: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı”

Yaylaqda vəzifəli şəxsdən çobanın arvadına intim hərəkət: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı”Astara rayonunda 1996-cı il təvəllüdlü Tahir qısqanclıq zəminində yaranan mübahisə zamanı həmyerlisi Ayazı (adlar şərti verilib - red.) öldürüb. Tahir 1 may 2023-cü ildə Astara rayonunun kəndində ailəsi ilə birgə yaşadığı yaylaq sahəsində təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib.

Tahirin arvadı Aytacla evdə tək qalan Ayaz ona sataşıb, onunla intim münasibətdə olmaq istəyib. Meşədən qayıdan Tahirə arvadı baş verənləri danışıb. Tahir qisas almaq niyyəti ilə Ayazı öldürmək qərarına gəlib. Yaylaqdan çıxaraq qohumunun obasına tərəf gedən Ayaza zəng edib və yalandan meşə ərazisində mal-qaraya canavarın hücum etdiyini bildirib.

Ayazı köməyə çağırdıqdan sonra onun dərəyə tərəf gələcəyinə əmin olub. Həmin yerə kəsə yolla gedərək Ayazla qarşılaşıb. Arvadına sataşdığı üçün mübahisə edib, əvvəlcədən götürdüyü balta ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ayaz aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünün Ayazla münasibəti həmişə yaxşı olub: “Hərbi xidmətdən qayıtdıqdan sonra münasibətimiz yavaş-yavaş daha da yaxşılaşdı. Onunla təsərrüfat işlərində işləmişik, heyvandarlıqla məşğul olmuşuq. Mən Ayazın qoyunlarına baxmışam. Buna görə şəriklik etmişik.

Ayaz dedi ki, 30 qoyun doğduqda onun balalarını aramızda iki paya böləcəyik. Bundan başqa, iribuynuzlu heyvanlarını da baxmağım üçün gətirdi. Lakin onlara baxdığıma görə mənə heç bir şey vermədi. Sonradan bütün təsərrüfat işlərini idarə etməyi mənə tapşırdı. Dedi, buna görə əlavə hörmət edəcək, lakin etmədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ayazla üç il işlədikdən sonra qoyunları təhvil verib, evinə gedib: “Məndən sonra Ayaz təzə çoban tutdu. Amma dörd ay işlədikdən sonra çoban getdi. Ayaz bizə gəlib dedi ki, mənə kömək elə, heyvanlara bax, yayda onları satacağam. Heyvanları bizdə qoydu. Bu hadisə keçən ilin martında olmuşdu.

Sonra mən daş karxanasına işləməyə getdim. Ayaz gəlib heyvanlarını bizdən apardı. Daş karxanasından qayıtdıqdan sonra Ayaz yenə də heyvanlarına baxmağımı təklif etdi. Amma onunla razılaşmadım. Ayaz “gəl, heyvanları satım sənə” - deyə təklif etdi. Mən də heyvanların hamısını almağa imkanımın olmadığını, 20 baş qoyun ala biləcəyimi bildirdim.

Ayazdan 20 baş qoyunu aldım. Bu zaman o, təklif etdi ki, 10-15 baş qoyununa baxım, onun da evində qalım. Bu təkliflə razılaşdım. Düşündüm ki, payıza kimi qalıb, sonra öz qoyunlarımı da satıb, özümə ev tikdirərəm.

Ayaz təklif etdi ki, qalx yaylağa, evimdə qal, heyvanlara orada bax. Mən də yoldaşım ilə birlikdə Ayazın yaylaqda olan evinə qalxdım”.

Tahirin sözlərinə görə, iki ay həmin yerdə qalıblar, ora isə gələn-gedən olmayıb: “Sonradan Ayaz ora gəldi, usta çağıraraq tövlə tikdirdi. Həmin vaxtlar usta da, Ayaz da orada qalırdı. Sonra qardaşım, yeznəm və atam da gəldilər. Qardaşım toya getmək üçün yaylaqdan çıxdı, yoldaşı, körpə uşağı, Ayaz orada qaldı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü birlikdə işləyiblər, özü çıxıb meşəyə heyvanların dalınca gedib: “Ayaz isə orada qaldı, taxta kəsdi. Usta dedi, Ayaz, gəl birlikdə gedək, sonra maşın olmayacaq getməyə. Ayaz isə getmədi. Mən dağdan heyvanları gətirməyə getdim.

Ayaz həmişə mənim evimdə olub, ondan belə hərəkət gözləməzdim. Təxminən 40 dəqiqə sonra qaldığımız yerə qayıtdım. Gördüm, arvadım ağlayır, qapı isə açıqdır. Ondan nə baş verdiyini soruşdum. Ayazın ona sataşdığını dedi. Mən buna inana bilmədim. Dedim, gözlə, heyvanları bağlayıb gələcəyəm.

Heyvanları Ayazın sahəsinə buraxdım, ona zəng vurdum. Dedim ki, heyvanlara, deyəsən, canavar hücum edib. Bu adla onu əraziyə çağırdım. Onunla təpədə rastlaşdıq”.

Təqsirləndirilən şəxs deyib ki, Ayazdan arvadına niyə sataşdığını soruşub: “Dedi, məndən belə bir şey gözləyirsən? Sonra mənimlə mübahisə etdi. Dedi, sən özündən çox razısan, özünü tutmusan, məndən uzaqlaşmaq istəyirsən.

Ayaza daş karxanasında daş atıb gəldiyimi, nə ilə özümü tutduğumu dedim. Ayaza arvadımın onun qızı yaşda olduğunu, özünün də ailəsinin olduğunu dedim. Ayaz qayıtdı ki, mənim ailəmin adını çəkmə. Mübahisə zamanı Ayaz “bu günə kimi kiminlə istəmişəmsə, onunla cinsi əlaqədə olmuşam, bundan sonra da belə olacağam” dedi.

Ayazın əlində çomaq vardı, məndə isə balta. Dedim, sənin qohum-əqrəban bunun üçün səninlə işləmir. Ayaz əlindəki çomaqla başıma vurdu. Zərbə mənə dəymədi”.

Tahirin sözlərinə görə, daha sonra Ayazı tutub, gödəkçəsi əlinə keçib, onu aşağı itələyib:

“Bundan sonra balta ilə vurdum. Yıxılandan sonra telefonunu götürərək sındırdım, meşəlik ərazidə basdırdım. Daha sonra evə gəldim, quzuları ayırdım. Yaşadığım yerdə elektrik olmadığından və telefonumda enerji tükəndiyindən Əlinin komasına getdim. Orada telefonumu elektrik enerjisinə qoşdum, sonra evə gəldim. Səhəri yavaş-yavaş mənə zənglər gəldi. Qorxduğumdan Ayazı öldürməyim barədə heç nə demədim. Sonradan polis şöbəsində etiraf etdim.

Balta ümumiyyətlə həmişə özümdə olub. Meşəyə, dağa gedəndə özümlə aparmışam.

Sonuncu hadisə zamanı düşündüm ki, Ayaz mənim bildiyim hərəkəti edibsə, balta ilə onu öldürəcəyəm. İlkin zərbəni vurarkən əlbəyaxa olmuşuq. Səhv etmirəmsə, zərbəni boğazına vurdum. Bu zərbədən yerə yıxıldı. Yıxılandan sonra ona bir-iki zərbə də vurdum. Amma harasına dəydiyini bilmədim.

Sonra telefonu götürüb meşəyə tərəf qaçdım. Ayaz yıxılandan sonra ona çoxlu zərbələr vurmadım. Baltanın tini ilə dartıb onu yoldan kənara çıxardım. Ayaz uçurumun kənarında idi.

Baltanın tini iti idi. Birinci dəfə çəkəndə balta çıxdı. Daha sonra baltanı salıb bir də çəkdim. Mən yanında olanda hələ ölməmişdi. Onun böyründə cızıqlar ola bilərdi. Çünki Ayaza əl vurmamaq üçün onu baltanın tini ilə çəkmişəm. Hadisədən sonra baltanı evdən yuxarıda, yıxılmış ağacın altında gizlətmişəm”.

Məhkəmədə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaq zamanı verdiyi ifadəsi tədqiq edilib.

Tahir istintaq zamanı verdiyi ifadəsində göstərib ki, atasının ögey dayısı Ayazla münasibətləri yaxşı olub: “Onun kənddə təsərrüfat sahəsi, mal-qarası, kəndin meşəlik ərazisində mal-qara saxladığı yaylaq sahəsi var. Son 3 ildə Ayazla şərikli işləmişik.

2023-cü ilin mayın 1-də Ayaz, mən və ailə üzvlərim yaylaqda idik. Ayazla tövlədə bir qədər iş gördük. Saat təxminən 16 radələrində qoyunları gətirmək üçün meşəyə getdim. Ayaz isə evdə qaldı. Arvadım da evdə idi.

Qoyunları gətirdikdə arvadımın ağladığını gördüm. Ondan ağlamasının səbəbini soruşanda dedi ki, Ayaz ona sataşmaq istəyib, ancaq o, Ayazdan qaçıb. Həmin vaxt Ayaz yenicə evdən çıxaraq kəndə qayıtmışdı. Arvadım Ayazın sataşmaq istədiyini dedikdən sonra ağlamağa başladı. “Mən ona dayı deyirdim, belə adam olduğunu bilmirdim, onun övladı yaşdasan, necə belə iş tuta bilər” deyə təəccübləndim.

Biabır olmamaq və camaatın lağ etməməsi üçün arvadıma bu barədə heç kimə heç nə deməməyi tapşırdım. Sonra arvadıma qoyunları ayırıb tövləyə salacağımı dedim və evdən çıxdım. Məqsədim Ayazı öldürmək idi. Onun arvadıma qarşı etdiyi əxlaqsızlığı qəbul edə bilməzdim”.

Daha sonra Tahir istintaqa verdiyi ifadəsində Ayazı öldürməsindən danışıb: “Qətli törədəndən sonra evə qayıtdım. Həmin vaxt güclü yağış başladı. Üzərindəki qan ləkələrini təmizləmək üçün baltanı yol boyu yaş vəziyyətdə olan ot və yarpaqlara sürtərək təmizlədim. Evin yuxarısına tərəf təxminən 300-400 metr qalxıb baltanı qurumuş ağac kötüyünün altında basdırdım, üzərini torpaqla örtdüm. Məqsədim izi itirmək idi.

Sonra evə gəldim. Arvadıma paltarlarımı yumağı tapşırdım. Yeməyini yedikdən sonra yaşadığım evdə işıq olmadığı üçün arvadımın əmisi Əlinin evinə telefonu enerjiyə taxmaq üçün getdim. Hadisə barədə heç kimə heç nə demədim. Özümü soyuqqanlı apardım. Arvadımın əmisinin evindən qayıdaraq yatdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, səhəri gün, yəni mayın 2-də, səhər saatlarında Ayazın atası Mərdana zəng edib, inəyin xəstə olduğunu deyib və bunu Ayaza bildirməyi xahiş edib:

“Mərdan Ayazın evə gəlmədiyini dedi. Sonra Ayaza zəng etdim, zəng çatmadı. Bunları etməkdə məqsədim iz azdırmaq idi. Belə etsəm, hadisəni mənim törətdiyimdən heç kimin şübhələnməyəcəyini düşündüm.

Günortadan sonra Sadiq zəng edib qardaşı Ayazı soruşdu. Ona Ayazın əvvəlki gün axşam vaxtı evdən çıxaraq qayınatasıgilə getdiyini bildirdim. Sadiq Daxili İşlər Nazirliyinin 102 mərkəzinə zəng edərək Ayazın itkin düşməsi barədə məlumat verdi.

Kənd sakinləri Ayazı axtarmaq üçün meşə ərazisini gəzməyə başladılar. Özümü şübhəli aparmadan meşədə axtarışa qoşuldum. Meyitin tapılmaması üçün mənimlə birlikdə onu axtaran şəxsləri qəsdən başqa istiqamətə apardım. Mayın 3-də səhər saatlarında meyit tapıldı”.

İş üzrə şahid qismində ifadə verən Aytacın sözlərinə görə, həmin gün həyətdə tövlə üçün taxta qapı düzəltməklə məşğul olan Ayazla Tahirə həyətdə çay verib, evdə uşaqları ilə məşğul olub:

“Ayazla Tahir çay içdilər. Sonra Tahir qoyunları gətirmək üçün getdi. Ayaz həyətdə əl-üzünü yuyan zaman əynində olan köynəyi çıxardı, evə girdi. Qurulanmaq üçün dəsmal istədi. Soruşdum ki, Tahir hanı. Dedi, qoyunların dalınca gedib.

Daha sonra Ayaz üstümə gələrək dedi ki, Tahiri nə edirsən, mən buradayam. Dedim ki, qızın yaşdayam, sən nə edirsən? Boşqabı götürmək istəyəndə əlimdən tutdu. Boşqab yerə düşərək sındı. Sonra dodağımdan, boynumdan öpdü, əynimdə olan xalatın zəncirbəndini açmağa başladı. Müqavimət göstərmək istəsəm də, gücüm çatmadı. Ayaz fiziki cəhətdən güclü idi. Bir əli ilə ağzımı tutdu və yerə yıxdı. Əlimlə əlini tutaraq mane olmaq istəsəm də, gücüm çatmadı.

Ayaz xalatımın zəncirbəndini açdıqdan sonra boğazımdan öpməyə başladı. Həyətdən səs gəldi. Ayaz səs eşitdikdə üstümdən qalxdı. Dedi, əgər Tahirə bu barədə desən, səni rüsvay edəcəyəm. Sonra digər otağa keçdi.

Tahir görməsin deyə dərhal xalatın zəncirbəndini bağladım. Ayaz digər otağa keçib paltarını geyindi. Mən on aylıq uşağımı götürüb, həyətə bulağın başına düşdüm. Ayaz mənə yaxınlaşaraq dedi ki, səndən xoşum gəlir, sən də razılaşmadın, heç kimə heç nə demə. Sonra evinə gedəcəyini deyib, çomaq götürərək kəndə getdi”.

Aytac qeyd edib ki, Tahir evə gələndə ağladığını, üz-gözünün qızardığını görüb: “Məndən nə üçün ağladığımı soruşanda ona Ayazın mənə sataşdığını, onun yaxşı adam olmadığını, buradan köçmək istədiyimi dedim. Tahir bunu eşidib ağladı, biabır olmayaq deyə bu barədə heç kimə heç nə deməməyi tapşırdı. Sonra qoyunları ayırıb tövləyə salacağını deyərək evdən çıxdı.

Təxminən 1 saat sonra gəlib qoyunları tövləyə saldığını dedi. Çay içib meyvə yedi, telefonunu enerjiyə taxmaq üçün Əlinin komasına getdi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən şəxs keçmiş bələdiyyə sədri olub. Qətlə yetirilən zaman isə müəllim işləyirmiş.

Xebertv.info

Digər xəbərlər

Musabəyovla Naira Zöhrabyanın hansı fərqi var?
İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Azərbaycanlı aktrisanın evindən 120 min AZN oğurlanıb - VİDEO
Ölkəmizdə son sutkada koronavirusdan 25 nəfər vəfat edib
Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu
Prezident və xanımı işgaldan azad edilmiş Ağdam rayonuna səfər etdi - VİDEO
Prezident: "Onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaqdır"
Döyüşün gedişatını dəyişən PUA...
Azərbaycanlıların Xankəndiyə gedən yolda görünməsi erməniləri qorxutdu
İllər sonra 20 min borcunun olduğunu öyrəndi - Video
“Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə ona şəhidlik statusu verilir, amma…” -
Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşüb - FOTO
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
Quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub - VİDEO
İşıqsız qalan Odessada etirazlar başladı, yollar bağlandı
Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi
10 ton ölmüş heyvan əti satan şəxslər saxlanılıb - VİDEO
Məzənnə açıqlandı
Küçədən iki günlük körpə tapıldı — Bakıda dəhşət
Zaqatalada əsgər özünü güllələdi, general hərbi hissəyə yollandı
Bu ərazilər də Azərbaycana qaytarılacaq -  İrəvan şokda
"Bu maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?" - "CAHAN HOLDİNQ" VƏTƏNDAŞI MÜFLİS EDİB
Dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü
Birinci MDB Oyunları başa çatıb
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Mirqafar Seyidovun kürəkəni vəfat etdi
Yoluxanların sayı yenə artdı
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub
Əməkdar artistin başında onkoloji şiş aşkarlandı
{sape_links}{sape_article}